
Bakının Xətai rayonunda baş verən güclü yanğın qısa müddətdə söndürülüb.
Realmedia.info xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) məlumatına görə, Xətai rayonu, Orxan İsmayılov küçəsində baş verən yanğın Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən həyata keçirilən operativ tədbirlər nəticəsində geniş əraziyə yayılmasına imkan verilmədən söndürülüb.
Hadisə ilə əlaqədar əraziyə polis əməkdaşları da cəlb olunub. Polis tərəfindən yanğınsöndürmə və xilasetmə qüvvələrinin ərazidə maneəsiz fəaliyyət göstərməsini təmin etmək məqsədilə zəruri operativ tədbirlər görülüb.
Yanğın neft çənlərinin olduğu ərazidə baş verib
Qeyd edək ki, ilkin məlumatlarda hadisənin 8 Noyabr prospekti yaxınlığında, neft çənlərinin yerləşdiyi ərazidə baş verdiyi bildirilib.
Hadisə yerindən yayılan görüntülərdə ərazidən güclü tüstünün yüksəldiyi və yanğının baş verdiyi görünürdü.
İlkin məlumatlara əsasən, neft çənlərindən birində partlayış baş verdiyi iddia olunurdu. Lakin bu məlumat rəsmi şəkildə təsdiqlənməyib.
Hazırda hadisənin başvermə səbəbləri və digər təfərrüatlarla bağlı müvafiq araşdırma aparılır.
Əlavə məlumat daxil olduqca xəbər yenilənəcək.