
Avqustun 10-da Litva Respublikasının Baş naziri Mindauqas Sinkeviçyus Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.
Realmedia.info xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.
Telefon danışığı zamanı Azərbaycan ilə Litva arasında ikitərəfli münasibətlərin inkişafında son dövrlərdə müşahidə olunan müsbət dinamika məmnunluqla qeyd edilib.
Söhbət zamanı Litvanın sabiq baş naziri İnqa Ruqinienenin bu ilin aprelində Azərbaycana səfəri və Prezident İlham Əliyevlə keçirdiyi görüşdə aparılan müzakirələr də xatırlanıb.
Dövlət başçısı Mindauqas Sinkeviçyusu Litvanın baş naziri vəzifəsinə seçilməsi münasibətilə təbrik edib.
Litvanın Baş naziri göstərilən diqqətə və təbriklərə görə təşəkkürünü bildirib, hökumət rəhbəri kimi Azərbaycan-Litva münasibətlərinin inkişafını daim diqqətdə saxlayacağını vurğulayıb.
Telefon danışığı zamanı iki ölkə arasında enerji sahəsində əməkdaşlıq, xüsusilə enerji təhlükəsizliyinin təmin olunması, eləcə də qarşılıqlı ticarət dövriyyəsinin artırılması məsələləri müzakirə olunub.
Mindauqas Sinkeviçyus Vaşinqton Sülh Sammiti və burada əldə edilmiş razılaşmaların ildönümü münasibətilə Prezident İlham Əliyevə təbriklərini çatdırıb. Dövlət başçısı təbriklərə görə təşəkkür edib.
Söhbət zamanı Azərbaycan-Avropa İttifaqı münasibətləri də müzakirə olunub. Son dövrlərdə keçirilən yüksəksəviyyəli təmasların əməkdaşlığın inkişafına mühüm töhfə verdiyi qeyd edilib.
Litvanın Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlığının inkişafına daim dəstək göstərdiyi xüsusi vurğulanıb.
Telefon danışığı zamanı, həmçinin beynəlxalq arenada mövcud vəziyyət ətrafında fikir mübadiləsi aparılıb.