
İranın ali rəhbəri Müctəba Xamenei ölkənin qonşu dövlətlərini ABŞ-nin regiondakı hərbi mövcudluğuna münasibətdə mövqelərini açıq şəkildə ifadə etməyə çağırıb.
Realmedia.info xəbər verir ki, Xamenei İranın 15 ölkə ilə quru və ya dəniz sərhədinə malik olduğunu bildirərək, Tehran rəhbərliyinin qonşu dövlətlərlə “isti və konstruktiv münasibətlər” saxlamağa çalışdığını qeyd edib.
Onun sözlərinə görə, bəzi qonşu ölkələr uzun illər ərzində öz ərazilərində ABŞ-nin hərbi və maliyyə bazalarının fəaliyyət göstərməsinə şərait yaradıb. Xamenei hesab edir ki, bu bazalar Vaşinqtonun regiondakı təsir imkanlarının genişlənməsinə xidmət edir.
İranın ali rəhbəri qonşu ölkələrə müraciət edərək, Tehrana qarşı hərbi əməliyyatlarda iştirak edən qüvvələrə münasibətdə mövqelərini dəqiqləşdirməyə çağırıb.
“Bu ölkələr sevimli vətənimizə qarşı təcavüzkarlara və vətəndaşlarımızın qatillərinə münasibətdə mövqelərini aydın şəkildə müəyyən etməlidirlər”, – deyə Xamenei bildirib.
Xamenei həmçinin ABŞ-nin “təhlükəsizlik” və “sülh” ritorikasından istifadə etməklə regiondakı real məqsədlərini gizlətdiyini iddia edib.
İran rəsmisi qonşu ölkələrin ərazilərində yerləşən ABŞ hərbi bazalarının bağlanmasına çağırış edib.
Qeyd edək ki, Müctəba Xamenei uzun fasilədən sonra ictimaiyyət qarşısında görünməsi ilə də diqqət çəkib. Onun son açıqlamaları regionda ABŞ-nin hərbi mövcudluğu və İranın qonşu dövlətlərlə münasibətləri fonunda səslənib.