
Azərbaycanda son illərdə müvəqqəti yaşama icazələrinin sayında əhəmiyyətli artım müşahidə olunur.
Realmedia.info xəbər verir ki, Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov “Miqrasiya sahəsində media məlumatlılığı” mövzusunda keçirilən mediatur zamanı bildirib ki, artımın əsas səbəblərindən biri quru sərhədlərlə bağlı tətbiq olunan məhdudiyyətlərdir.
Onun sözlərinə görə, əvvəllər bəzi əcnəbilər 90 günlük giriş-çıxış imkanından istifadə etməklə Azərbaycanda qalır və yaşama icazəsi almağa ehtiyac duymurdular. Hazırkı şərait isə onları müvəqqəti yaşama icazəsi almağa yönəldib.
V.Hüseynov qeyd edib ki, 2025-ci il yanvarın 1-dən Rusiya vətəndaşları üçün də qarşılıqlı əsasda Azərbaycanda olma müddəti 90 gün müəyyən edilib. Bu amil də yaşama icazələri ilə bağlı müraciətlərin artmasına təsir göstərib.
Xidmət rəisinin sözlərinə görə, iş icazələrinin verilməsi və müddətinin uzadılması ilə bağlı 5 087 müraciət daxil olub. 2026-cı il üzrə iş icazələri üçün kvota Nazirlər Kabinetinin qərarı ilə 7 200 müəyyən edilib. O bildirib ki, qeyd olunan 5 087 rəqəmi müraciətlərin sayıdır və verilən icazələrin sayı bundan azdır.
V.Hüseynovun sözlərinə görə, Azərbaycan vətəndaşlığına mənsubiyyətin müəyyənləşdirilməsi ilə bağlı 6 328, vətəndaşlığa qəbul, bərpa və vətəndaşlıqdan çıxma ilə bağlı isə 554 müraciət daxil olub.
Bundan əlavə, miqrasiya qanunvericiliyinin pozulması ilə bağlı 9 757 qərar qəbul edilib. 850 əcnəbi barəsində ölkə hüdudlarından kənara inzibati qaydada çıxarılma qərarı verilib.
Xidmət rəisi vurğulayıb ki, deportasiya qərarı hər zaman beşillik ölkəyə giriş qadağası anlamına gəlmir. Məhdudiyyətin müddəti törədilmiş pozuntunun xarakterindən və ağırlığından asılı olaraq dəyişir.
O əlavə edib ki, qanunsuz miqrasiyanın təşkili və digər qanunsuz əməllərlə bağlı 4 fakt aşkar edilərək hüquqi qiymət verilməsi üçün aidiyyəti hüquq-mühafizə orqanlarına göndərilib.
Bildirilib ki, həmin hallar əsasən şəxslərin üçüncü ölkələrə keçirilməsi məqsədilə aldadılaraq Azərbaycana gətirilməsi, onlardan pul alınması və sonradan qanunsuz vəziyyətə salınması ilə bağlı olub.