
Bakıda keçirilən dünya çempionatında 71 kiloqram çəki dərəcəsində qızıl medal qazanan erməni güləşçi Janes Nazaryan yarışın yüksək səviyyədə təşkil olunduğunu bildirib.
Realmedia.info xəbər verir ki, o, jurnalistlərə açıqlamasında Azərbaycana təşəkkürünü ifadə edib.
“Dünya çempionatını belə yüksək səviyyədə təşkil etdiklərinə görə Azərbaycana təşəkkür edirəm”, – deyə Janes Nazaryan bildirib.
Erməni idmançı Bakıda onların yüksək səviyyədə qarşılandığını qeyd edib.
“Əhvali-ruhiyyəmiz yüksək idi. Yarış çox yüksək səviyyədə keçdi, güclü iştirakçılar var idi. Düşünürəm ki, bu yarış bizi daha da motivasiya edəcək. Buna görə təşkilatçılara və əməyi keçən hər kəsə təşəkkür edirəm”, – deyə o bildirib.
Janes Nazaryan rəqiblərinin də güclü olduğunu vurğulayıb:
“Rəqiblərim çox güclü idi. Deməzdim ki, zəif idilər, əksinə, çox yaxşı hazırlaşmışdılar. Ancaq mən daha yaxşı mübarizə apardım və yaxşı nəticə əldə etdim”.
Güləşçi Bakıda həm təşkilatçılar, həm də dövlət səviyyəsində yüksək münasibətlə qarşılaşdıqlarını bildirib.
“Hər şey qaydasında idi. Bizi çox yaxşı qarşıladılar”, – deyə Janes Nazaryan əlavə edib.