
Xarici işlər naziri Ceyhun Bayramov Almaniya Federativ Respublikasının Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Dirk Lölkeni qəbul edib.
Realmedia.info xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, səfir Dirk Lölke etimadnaməsinin surətini nazir Ceyhun Bayramova təqdim edib. Nazir diplomatı Azərbaycanda fəaliyyətə başlaması münasibətilə təbrik edərək, ona gələcək işlərində uğurlar arzulayıb.
Görüşdə Azərbaycan-Almaniya münasibətlərinin mövcud vəziyyəti və inkişaf perspektivləri, siyasi dialoq, iqtisadi-ticarət əlaqələri, enerji təhlükəsizliyi, yaşıl enerji, sənaye, nəqliyyat-kommunikasiya, humanitar və mədəni əməkdaşlıq məsələləri müzakirə olunub.
Tərəflər Prezident İlham Əliyevin Almaniyaya son səfərinin ikitərəfli münasibətlərdə yeni mərhələnin əsasını qoyduğunu vurğulayıb, Azərbaycan-Almaniya Biznes Şurasının yaradılmasının və yüksək səviyyəli qarşılıqlı təmasların davam etdirilməsinin əhəmiyyətini qeyd ediblər.
Görüş zamanı regional və beynəlxalq təhlükəsizlik məsələləri ətrafında da fikir mübadiləsi aparılıb. Ceyhun Bayramov postmünaqişə dövründə Cənubi Qafqazda mövcud vəziyyət, Azərbaycan-Ermənistan normallaşma prosesi və bölgədə dayanıqlı sülhün təmin olunması istiqamətində görülən işlər barədə qarşı tərəfə ətraflı məlumat verib.