
Azərbaycanda media subyektləri üçün tətbiq olunan vergi güzəştinin müddəti daha 3 il artırılıb. Bununla bağlı müvafiq dəyişiklik Prezident İlham Əliyev tərəfindən təsdiqlənən Vergi Məcəlləsində əksini tapıb.
Realmedia xəbər verir ki, indiyədək media subyektləri üçün nəzərdə tutulmuş 3 illik vergi güzəştinin müddəti 2026-cı il yanvarın 1-də başa çatmalı idi. Qəbul edilən dəyişikliklə bu müddət daha 3 il uzadılır.
Beləliklə, 2026-cı il yanvarın 1-dən etibarən növbəti 3 il ərzində audiovizual media subyektləri istisna olmaqla, media subyektlərinin öz fəaliyyətlərindən əldə etdikləri gəlirlər, o cümlədən reklam gəlirləri, eləcə də müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən verilən maddi yardımlar vergidən azad olunacaq.
Qeyd edək ki, bu qərar ölkədə media fəaliyyətinin dəstəklənməsi və informasiya sektorunun inkişafına töhfə vermək məqsədi daşıyır.