
Hindistanın paytaxtı Nyu-Delhidə keçiriləcək badminton üzrə dünya çempionatı zamanı təhlükəsizliyin təmin olunması məqsədilə qeyri-adi tədbir görülüb.
Realmedia.info xəbər verir ki, bu barədə Reuters məlumat yayıb.
Məlumata görə, avqustun 17-dən 23-dək keçiriləcək dünya çempionatı çərçivəsində əraziyə daxil ola biləcək rezus makakalarını uzaqlaşdırmaq üçün lanqur meymunlarının səslərini təqlid edə bilən xüsusi mütəxəssislər cəlb olunub.
Nyu-Delhidə tez-tez binalara daxil olan və insanlara hücum edən rezus makakalarının lanqurların səsindən qorxduğu bildirilir. Mütəxəssislər məhz bu xüsusiyyətdən istifadə edərək meymunları zərər vermədən ərazidən uzaqlaşdırmağa çalışacaqlar.
Mütəxəssislərdən biri olan Zəfər üç nəsildir bu işi davam etdirən ailədən olduğunu bildirib. Onun sözlərinə görə, lanqurların səslərini təqlid etmək meymunların ərazidən uzaqlaşmasına kifayət edir.
Qeyd edək ki, bu ilin əvvəlində keçirilən Hindistan Açıq Çempionatı zamanı rezus makakalarından biri İndira Qandi adına qapalı stadiona daxil olaraq diqqətə səbəb olmuşdu. Həmin arena qarşıdakı dünya çempionatına da ev sahibliyi edəcək.
Təhlükəsizlik tədbirləri yalnız meymunlarla məhdudlaşmır. Stadionda göyərçinlərin qarşısının alınması üçün də xüsusi tədbirlər görülüb. Dam və havalandırma kanallarına quşların yuva salmasının qarşısını alan toksik olmayan gel tətbiq edilib.
Hindistan Badminton Assosiasiyasının baş katibi Sanjay Mishra bildirib ki, əvvəlki yarış zamanı ortaya çıxan problemlər aradan qaldırılıb. Badminton üzrə Dünya Federasiyasının görülən tədbirlərdən “100 faiz razı” olduğu qeyd edilib.