
Azərbaycan və ABŞ arasında strateji tərəfdaşlığın inkişaf perspektivləri müzakirə olunub.
Realmedia.info xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, avqustun 10-da ABŞ-yə səfəri çərçivəsində Azərbaycanın xarici işlər nazirinin müavini Elnur Məmmədov ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin birinci müavini Endryu Stou ilə görüş keçirib.
Görüş zamanı Azərbaycan-ABŞ ikitərəfli münasibətlərinin hazırkı vəziyyəti və inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb. İki ölkə arasında tərəfdaşlığın müxtəlif istiqamətlər üzrə daha da genişləndirilməsinin əhəmiyyəti vurğulanıb.
Müzakirələrdə Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında Strateji Tərəfdaşlıq Xartiyasının həyata keçirilməsi, eləcə də Bakı İqtisadi Dialoqunun nəticələri xüsusi diqqət mərkəzində olub.
Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran bir sıra regional və beynəlxalq məsələləri müzakirə ediblər.
Görüşdə sülhün, təhlükəsizliyin və rifahın təşviqinə xidmət edən məsələlər üzrə sıx qarşılıqlı əlaqələrin davam etdirilməsinə və mütəmadi məsləhətləşmələrin aparılmasına hazır olduqları təsdiqlənib.