
“Sabah” futbol klubu UEFA Çempionlar Liqasının cari mövsümündə təsnifat mərhələlərində həm qələbə sayına, həm də vurulan qollara görə vahid liderə çevrilib.
Realmedia.info xəbər verir ki, Azərbaycan çempionu turnirdə keçirdiyi 6 qarşılaşmanın 5-də qələbə qazanıb, yalnız bir oyunda meydanı xalsız tərk edib.
Bakı təmsilçisini büdrədən yeganə görüş III təsnifat mərhələsinin Danimarkada keçirilən ilk oyunu olub. Həmin qarşılaşmada “Sabah” “Orhus”a 1:2 hesabı ilə məğlub olub.
Bununla belə, “bayquşlar” hücumdakı məhsuldarlığı ilə rəqiblərini üstələməkdə davam edir. Azərbaycan çempionu 6 oyunda rəqib qapılarına 12 qol vuraraq təsnifat mərhələlərinin ən məhsuldar komandası olub.
III təsnifat mərhələsinin cavab oyunlarından sonra UEFA futbolçuların fərdi statistik göstəricilərini də yeniləyib.
“Sabah”ın almaniyalı hücumçusu Coy-Lens Mikels ən çox qol epizodu yaradan futbolçuların siyahısında birinci pilləyə yüksəlib.
Komandanın polşalı müdafiəçisi Timoteuş Puxaç hücumların qurulmasında ən fəal iştirak edən futbolçular arasında ikinci sırada qərarlaşıb. “Sabah”ın xorvatiyalı yarımmüdafiəçisi İvan Lepinitsa isə intizam göstəricilərinə görə ikinci pillədə yer alıb.
Qeyd edək ki, “Sabah” pley-off mərhələsində İsrailin “Hapoel” (Beer-Şeva) komandası ilə qarşılaşacaq. Azərbaycan çempionu ilk oyunu avqustun 19-da Rumıniyanın paytaxtı Buxarestdə, cavab görüşünü isə avqustun 25-də Bakıda keçirəcək.