
Xəzər dənizində suyun səviyyəsinin azalması davam edir.
Realmedia.info xəbər verir ki, İranın Mazandaran əyalətinin Ətraf Mühitin Mühafizəsi İdarəsinin baş direktoru Məhəmməd Rza Kənaninin sözlərinə görə, Xəzər dənizində suyun səviyyəsi hər il təxminən 10-20 santimetr azalır və hazırda son 200 ilin ən aşağı göstəricisinə çatıb.
Onun sözlərinə görə, son iki onillik ərzində Xəzər dənizində suyun temperaturu təxminən 1,5 dərəcə yüksəlib, buxarlanma isə 10-15 faiz artıb.
Məhəmməd Rza Kənani əsas səbəblər sırasında iqlim dəyişikliklərini və çay axınlarının azalmasını göstərib.
O xəbərdarlıq edib ki, dəniz səviyyəsinin aşağı düşməsinin davam etməsi Xəzərsahili ərazilərdə yaşayan icmalar, infrastruktur və unikal ekosistemlər üçün ciddi təhlükə yarada bilər.
Məlumata görə, Xəzər dənizinə daxil olan suyun təxminən 75 faizi çayların hesabına formalaşır. Çaylardan daxil olan suyun təxminən 80 faizi isə Volqa çayının payına düşür.
Bununla yanaşı, Xəzərin ekoloji vəziyyətinə çirklənmə də mənfi təsir göstərir. Dənizə şəhər və sənaye çirkab suları, neft məhsulları və kənd təsərrüfatı tullantılarının axıdılması əlavə təhlükə yaradır.
Ekoloqların fikrincə, dayazlaşma və çirklənmənin birgə təsiri Xəzər suitisi və nərə balığı kimi nadir növlərin yaşayış mühitinə ciddi təsir göstərə bilər.
Mütəxəssislər Xəzər dənizinin ekoloji vəziyyətinin qorunması üçün region ölkələrinin birgə və koordinasiyalı tədbirlər həyata keçirməsinin vacibliyini vurğulayırlar.