
Dekabrın 26-da Azərbaycanda bəzi ərazilərdə yağış və qar yağacağı gözlənilir.
Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi bildirilir. Günün ikinci yarısında isə bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimal olunur. Şimal-şərq küləyi gündüz saatlarında cənub-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 3–5 dərəcə isti, gündüz 6–8 dərəcə isti olacaq. Atmosfer təzyiqi 769 mm civə sütunundan 760 mm civə sütununa enəcək. Nisbi rütubət isə 70–80 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı hava şəraiti gözlənilir. Dağlıq və dağətəyi ərazilərdə qar yağacağı, ayrı-ayrı yerlərdə yağıntıların intensivləşəcəyi ehtimal edilir. Axşam saatlarına doğru yağıntıların tədricən kəsiləcəyi bildirilir. Gecə və səhər saatlarında bəzi yerlərdə duman olacaq. Mülayim qərb küləyi əsəcək.
Rayonlarda havanın temperaturu gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 5–9 dərəcə isti təşkil edəcək. Dağlıq ərazilərdə gecə 3–8 dərəcə şaxta, gündüz isə 0–5 dərəcə isti gözlənilir.
Qeyd olunur ki, gecə saatlarında bəzi dağlıq ərazilərdə yolların buz bağlaması ehtimalı var.