Mixək əsrlərdir həm ədviyyat, həm də təbii müalicə vasitəsi kimi istifadə olunur. Son dövrlərdə sağlam həyat tərzinə üstünlük verənlər arasında mixəkli çay xüsusi populyarlıq qazanıb.
Realmedia xəbər verir ki, mütəxəssislər bildirirlər ki, mixəkli çay düzgün və ölçülü şəkildə qəbul edildikdə bir sıra faydalar təmin edə bilər.
Mixəkli çay güclü antiseptik və iltihabəleyhinə təsiri ilə seçilir. Tərkibindəki eugenol maddəsi bakteriya və mikroblarla mübarizədə mühüm rol oynayır. Bu xüsusiyyətinə görə mixəkli çay boğaz ağrısı, soyuqdəymə və qrip əlamətlərinin yüngülləşdirilməsində faydalıdır.
Bundan əlavə, mixəkli çay həzm sisteminə müsbət təsir göstərir. Şişkinlik, qaz və mədə narahatlığı kimi problemlərin azalmasına kömək edir, yeməkdən sonra içildikdə isə həzmi asanlaşdırır.
Antibakterial xüsusiyyəti sayəsində mixəkli çay ağız və diş sağlamlığı üçün də faydalıdır – ağızda xoşagəlməz qoxunu azaldır və diş ətində iltihab riskini minimuma endirir.
Mütəxəssislər həmçinin bildirirlər ki, antioksidantlarla zəngin olan mixəkli çay immun sistemini gücləndirir və orqanizmin xəstəliklərə qarşı müqavimətini artırır.
Buna baxmayaraq, həkimlər xəbərdarlıq edirlər ki, mixəkli çaydan həddindən artıq istifadə edilməməlidir. Xüsusilə mədə həssaslığı olanlar, hamilə qadınlar və xroniki xəstəlikdən əziyyət çəkən şəxslər çayı qəbul etməzdən əvvəl mütəxəssisə müraciət etməlidirlər.