
İran və ABŞ arasında bütün cəbhələrdə hərbi əməliyyatların dayandırılmasını nəzərdə tutan yeni saziş layihəsinin detalları məlum olub.
Məlumata görə, Əl-Ərəbiyyə tərəfindən yayılan sənəd 10 bənddən ibarətdir və tammiqyaslı atəşkəs və gərginliyin azaldılmasını hədəfləyir.
Layihəyə əsasən, quru, dəniz və hava daxil olmaqla bütün istiqamətlərdə dərhal və qeyd-şərtsiz atəşkəsin elan olunması, hərbi və mülki infrastruktura zərbələrin dayandırılması, həmçinin informasiya müharibəsinə son qoyulması nəzərdə tutulur.
Sənəddə həmçinin suverenliyə və ərazi bütövlüyünə hörmət, daxili işlərə müdaxilənin qadağan edilməsi, Fars körfəzi və Hörmüz boğazında sərbəst gəmiçilik, eləcə də mübahisələrin həlli üçün birgə monitorinq mexanizmi yer alır.
Layihəyə görə, tərəflər arasında yeddi gün ərzində danışıqların aparılması, İranın öhdəliklərinə əməl etməsi qarşılığında ABŞ sanksiyalarının mərhələli şəkildə yumşaldılması da nəzərdə tutulur.
Sənəddə İranın nüvə silahı məsələsinə toxunulmur. Bildirilir ki, layihənin yekun versiyasının yaxın saatlarda açıqlanması gözlənilir.
Qeyd edək ki, tərəflər arasında müəyyən gərginliklər fonunda diplomatik danışıqlar davam etdirilir və ABŞ-nin yeni sülh təklifi də gündəmdədir.