
Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti – “Rosselxoznadzor” Ermənistandan idxal olunan “Cermuk” mineral suları ilə bağlı müvəqqəti sanitar məhdudiyyət tətbiq edib.
“RealMedia.info” xəbər verir ki, bu barədə qurumun rəhbəri Sergey Dankvert “Rossiya 24” telekanalına açıqlamasında məlumat verib.
Bildirilib ki, aparılan yoxlamalar zamanı məhsulun tərkibində bikarbonat ionu, xloridlər və sulfatların normadan artıq olduğu müəyyən edilib. Qurum qeyd edib ki, məhsul etiket üzərində göstərilən xüsusiyyətlərə uyğun gəlmir və bu cür uyğunsuzluqlar istehlakçı sağlamlığı üçün risk yarada bilər.
Məlumata görə, məhsulun müalicəvi xüsusiyyətləri ilə bağlı yanlış məlumatların təqdim olunması səmərəsiz müalicəyə, eləcə də insanların sağlamlıq vəziyyətinin pisləşməsinə səbəb ola bilər.
Bununla yanaşı, “Rosselxoznadzor” Ermənistandan Rusiyaya göndərilən meyvə-tərəvəz məhsulları ilə bağlı da problemlərin aşkarlandığını açıqlayıb. Hazırda Rusiya müfəttişlərinin Ermənistanda yoxlamaları davam etdirdiyi, xüsusilə istixanalarda monitorinqlər apardığı bildirilib.
Qeyd olunub ki, yoxlamaların nəticələrindən sonra əlavə məhdudiyyət qərarları qəbul edilə bilər.
Xatırladaq ki, mayın 22-dən etibarən Rusiya Ermənistandan gül idxalına da müvəqqəti məhdudiyyət tətbiq edib. Qərarın bazarın karantin təhlükəsi yaradan məhsullardan qorunması məqsədilə verildiyi açıqlanıb.
Statistik göstəricilərə əsasən, Ermənistanın ixrac etdiyi gül məhsullarının 90 faizindən çoxu Rusiya bazarına göndərilir. Ötən il Ermənistanın Rusiyaya gül ixracının həcmi təxminən 46 milyon dollar təşkil edib.