
Ölkəmizdə 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunması çərçivəsində Ədliyyə Nazirliyi “ADA” Universiteti ilə birgə “Konstitusiyanın 30 ili – Çağırışlar və perspektivlər” mövzusunda qış məktəbi layihəsi təşkil edib.
Realmedia xəbər verir ki, layihənin açılış mərasimində ədliyyə nazirinin müavini Toğrul Hüseynov, ADA Universitetinin prorektoru Elkin Nurməmmədov, professor-müəllim heyəti və gənc hüquqşünaslar iştirak ediblər.
Çıxış edən Toğrul Hüseynov qış məktəbinin konstitusiya dəyərlərinin təbliği, eləcə də gənc hüquqşünasların peşəkar inkişafı baxımından əhəmiyyətini vurğulayıb.
Qış məktəbində hüquq fakültələrinin tələbələri və gənc hüquqşünaslar iştirak edib. Layihə çərçivəsində 70 iştirakçı Konstitusiya hüququnun müxtəlif aktual və konseptual mövzuları üzrə biliklərini artırmaq imkanı əldə edib.
Mühazirələr hakimlər, Ədliyyə Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Xarici İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbər şəxsləri, həmçinin ADA Universitetinin alim və mütəxəssisləri tərəfindən təqdim olunub.
Layihənin sonunda iştirakçılara sertifikatlar təqdim edilib.



