
Nazirlər Kabinetinin qərarına dəyişiklik edilib: zabit heyətinə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, eləcə də ədliyyə orqanlarının rəis və sıravi heyətinə aid şəxslərə pensiya və işdənçıxarma müavinəti ilə bağlı yeni qaydalar qüvvəyə minib.
Baş nazir Əli Əsədovun imzaladığı Qərar 2026-cı il yanvarın 1-dən tətbiq olunur. Qərara əsasən, həqiqi hərbi xidmətdə olmanın son yaş həddinə çatmış, xəstəliyinə görə və ya ştatların ixtisarına görə xidmətdən buraxılan hərbi qulluqçular və ədliyyə işçilərinə beş aylıq vəzifə və rütbə maaşı həcmində işdənçıxarma müavinəti ödəniləcək. Digər əsaslarla buraxılanlara isə iki aylıq vəzifə və rütbə maaşı məbləğində müavinət veriləcək.
Pensiya hüququ olmayan və xidmət müddəti dörd ildən az olan gizirlərə, miçmanlara və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına bir aylıq vəzifə və rütbə maaşının 50 faizi həcmində, dörd il və daha çox xidmət edənlərə isə dörd illik xidmətə görə bir aylıq vəzifə və rütbə maaşı və əlavə hər tam il üçün 20 faiz ödəniləcək. Lakin ümumi məbləğ iki aylıq maaşdan çox ola bilməz.
İşdənçıxarma müavinəti hərbi qulluqçuların və ədliyyə işçilərinin axırıncı vəzifəsi və rütbəsi üzrə hesablanacaq. Xidmət müddətində fasiləsi olanlara müavinət yalnız sonuncu xidmət dövrü nəzərə alınmaqla veriləcək.
Qeyd edək ki, əvvəllər daxili işlər orqanları ədliyyə orqanları ilə bərabər tutulurdu, lakin yeni Qərarla “daxili işlər” maddələrdən çıxarılıb.