
Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Trans-Xəzər Forumunda onlayn formatda çıxışı zamanı Xəzər dənizinin Azərbaycanın regional və beynəlxalq ticarətdəki roluna xüsusi diqqət çəkib.
O bildirib ki, Xəzər dənizi Azərbaycan üçün mühüm ticarət vasitəsidir və ölkəmizi Mərkəzi Asiya regionu ilə birbaşa şəkildə birləşdirən strateji dəhliz funksiyasını daşıyır.
Hikmət Hacıyev çıxışında qeyd edib ki, ötən il Azərbaycan region ölkələrinin yekdil dəstəyi və qərarı ilə Mərkəzi Asiya Məşvərət Görüşünə tamhüquqlu üzv qəbul edilib.
“Bunu metaforik olaraq C5+1 formatı kimi adlandırıram. Mərkəzi Asiya ölkələri və Azərbaycan tarixi, mədəni, dil dəyərlərini və ortaq normaları bölüşür. Azərbaycan həmçinin Qazaxıstan, Özbəkistan və regionun digər ölkələri ilə strateji müttəfiqlik münasibətlərinə malikdir,” – deyə o bildirib.
O əlavə edib ki, Türk Dövlətləri Təşkilatı bu əməkdaşlığa yeni bir çərçivə yaradır. Onun sözlərinə görə, gənc demoqrafiya, strateji enerji resursları və zəngin mineral ehtiyatlar, eləcə də güclü iqtisadi potensial türk dünyasını yeni siyasi reallığa və geniş Avrasiya məkanında mühüm əməkdaşlıq platformasına çevirir.