
Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunan “Qlobal koalisiyaların mərkəzində mənzil” adlı tədbirdə çıxış edib.
Realmedia.info xəbər verir ki, Hikmət Hacıyev çıxışı zamanı bildirib ki, münaqişə illərində, xüsusilə 1990-cı illərin əvvəllərində Ermənistanın Azərbaycan ərazilərini işğalı nəticəsində ölkə ciddi mənzil problemləri ilə üzləşmişdi.
Onun sözlərinə görə, həmin dövrdə Azərbaycan dövləti məcburi köçkünlər və qaçqınlara geniş dəstək göstərib, onların sığınacaq, münasib qiymətə ərzaq təminatı və digər sosial xidmətlərlə əhatə olunması istiqamətində mühüm addımlar atıb.
Prezidentin köməkçisi qeyd edib ki, məcburi köçkünlərin sosial rifahının yaxşılaşdırılması məqsədilə bir sıra dövlət güzəştləri də tətbiq olunub:
“Onların əsas istəyi öz doğma torpaqlarına qayıtmaq və təhlükəsiz, layiqli şəraitdə yaşamaq idi”.
Hikmət Hacıyev vurğulayıb ki, o dövrün mürəkkəb şərtlərinə baxmayaraq, dövlət tərəfindən məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində mühüm layihələr həyata keçirilib:
“Təxminən 300 min ev və mənzil inşa edilərək insanların istifadəsinə verilib, daha münasib yaşayış şəraiti yaradılıb”.