
Ölkə ictimaiyyətinin Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyası (WUF13) haqqında məlumatlandırılması məqsədilə mayın 2-də Lənkəran şəhərində WUF13 Festivalına start verilib.
Realmedia.info xəbər verir ki, günün birinci yarısında Lənkəran Dövlət Universitetində WUF13 ilə bağlı məlumatlandırma sessiyası təşkil olunub.
Sessiyada universitetin və onun nəzdində fəaliyyət göstərən Sosial və Aqrar-Texnoloji Kollecin müəllim və tələbə heyəti iştirak edib.
Tədbirdə Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının aparatının ictimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Sehran Alışov, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəsmi nümayəndəsi Ramiz İdrisoğlu, WUF13 Azərbaycan əməliyyat şirkətinin məzmun və media əlaqələri üzrə baş meneceri Eldar Rəsulov çıxış edərək forum barədə ətraflı məlumat veriblər.
Çıxışlarda WUF13-ün Azərbaycan üçün əhəmiyyəti və onun çərçivəsində müzakirə olunacaq əsas mövzular diqqətə çatdırılıb.
Sehran Alışov bildirib ki, Böyük İpək Yolunun üzərində yerləşən Lənkəran şəhərində tarixi və mədəni irs qorunur, müasir tikililər isə bu irslə harmonik vəhdət təşkil edir.
O qeyd edib ki, son illər şəhərdə əhalinin artımı və urbanizasiya prosesinin sürətlənməsi ilə yanaşı, yeni yaşayış binaları inşa olunur, tarixi abidələr bərpa edilir, abadlıq işləri genişlənir və yeni parklar salınır.
Ramiz İdrisoğlu Azərbaycanın müasir şəhərsalma siyasəti, bu istiqamətdə görülən işlər, həmçinin şəhər planlaşdırılmasında məşğulluq, inklüzivlik və mobillik imkanları barədə danışıb.
Eldar Rəsulov isə gəncləri mayın 17-22-də Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyasına qatılmağa dəvət edib.
Qeyd edək ki, WUF13 Festivalı iki hissədən ibarətdir. Festivalın ikinci hissəsi açıq havada təşkil olunacaq və ictimai proqramlarla davam edəcək.
Axşam proqramlarında interaktiv fəaliyyətlər, maarifləndirici oyunlar, təqdimatlar və ictimai müzakirələr vasitəsilə dayanıqlı şəhər inkişafı, inklüziv şəhər mühiti, innovativ şəhər həlləri və gələcəyin şəhərləri kimi mövzular geniş auditoriyaya təqdim olunacaq.







