
Türkiyədə 19 May – Atatürkü Anma, Gənclik və İdman Bayramı təntənəli şəkildə qeyd olunur.
“Realmedia.info” xəbər verir ki, bu gün Türkiyənin İstiqlaliyyət müharibəsinin başlanğıcından 107 il ötür.
1919-cu il mayın 19-da Mustafa Kamal Atatürkün Samsun şəhərinə çıxışı ilə başlayan Qurtuluş savaşı Osmanlı dövlətinin Birinci Dünya müharibəsindən sonra Antanta qüvvələri tərəfindən işğalına qarşı aparılan milli azadlıq mübarizəsi kimi tarixə düşüb. “Misak-i Milli” prinsipləri əsasında formalaşan bu mübarizə Türkiyənin ərazi bütövlüyü və müstəqilliyi uğrunda aparılan siyasi və hərbi savaş olub.
Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürk bu tarixin əhəmiyyətini xüsusi vurğulayaraq “Mən 19 mayda doğuldum” ifadəsini işlədib.
19 May ilk dəfə 1935-ci ildə “Atatürk Günü” kimi rəsmiləşdirilib. 1938-ci ildə, vəfatından bir neçə ay əvvəl Mustafa Kamal Atatürk bu bayramı Türkiyə gəncliyinə həsr edib və həmin tarixdən etibarən “Gənclik və İdman Bayramı” kimi qeyd olunmağa başlanıb. 1981-ci ildən isə bayram rəsmi olaraq “Atatürkü Anma, Gənclik və İdman Bayramı” adını alıb.
Hazırda bu əlamətdar gün təkcə Türkiyədə deyil, həmçinin Şimali Kipr Türk Respublikası ərazisində də müxtəlif tədbirlər, yürüşlər və idman yarışları ilə qeyd edilir.