
Bu gün Rusiya ilə Ukrayna arasında başlayan genişmiqyaslı müharibənin dördüncü ili tamam olur.
Realmedia.info xəbər verir ki, 2022-ci il fevralın 24-də Rusiyanın “xüsusi hərbi əməliyyat” elan etməsi ilə start götürən münaqişə artıq müasir tarixin ən uzunmüddətli və ən qanlı müharibələrindən birinə çevrilib.
Dörd il ərzində hər iki tərəf yüz minlərlə canlı qüvvə və hərbi texnika itkisi versə də, cəbhə xəttində gərginlik səngimək bilmir. Ukrayna ordusu Qərb ölkələrindən aldığı hərbi-texniki dəstək hesabına müdafiə qabiliyyətini qoruyub saxlayır. Rusiya isə nəzarətə götürdüyü ərazilərdə möhkəmlənməklə yanaşı, strateji əhəmiyyətli yeni istiqamətlərdə üstünlük əldə etməyə çalışır.
Müharibənin ötən dövrü bir neçə həlledici mərhələ ilə yadda qalıb. İlk il Rusiyanın Kiyevə doğru irəliləməsi və sonradan geri çəkilməsi, eyni zamanda Ukraynanın Xarkov istiqamətində və Xersonda nəzarəti bərpa etməsi ilə xarakterizə olunub. Növbəti mərhələdə isə döyüşlər daha çox mövqe savaşı formasını alıb.
2023-cü ildə Baxmut uğrunda ağır döyüşlər, 2024-cü ildə Avdiivka və ətraf ərazilərdə şiddətli toqquşmalar cəbhənin əsas gündəmini müəyyənləşdirib. 2025-ci ildən etibarən isə müharibə əsasən pilotsuz uçuş aparatları və uzaqmənzilli raket zərbələrinin intensiv tətbiqi ilə davam edir.
Hazırda beynəlxalq ictimaiyyət münaqişənin dondurulması və ya diplomatik həll yollarının tapılması istiqamətində səylərini artırsa da, tərəflərin irəli sürdüyü şərtlər arasında ciddi fərqlər qalmaqdadır. Bu isə müharibənin yaxın perspektivdə başa çatacağı ilə bağlı nikbin proqnozları zəiflədir.
Ötən 4 il ərzində Ukrayna müharibəsindən lentə alınmış görüntüləri oxuculara təqdim edirik.










