
20 Yanvar faciəsi Azərbaycan xalqının azadlıq və müstəqillik uğrunda apardığı mübarizənin ən faciəli, eyni zamanda ən şərəfli səhifələrindən biri kimi tarixə düşüb. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə keçmiş SSRİ rəhbərliyinin göstərişi ilə sovet ordusunun Bakı şəhərinə və respublikanın bir sıra bölgələrinə yeridilməsi nəticəsində dinc əhaliyə qarşı amansız qırğın törədilib.
Həmin gecə fövqəladə vəziyyət elan edilmədən ağır hərbi texnika ilə şəhərə daxil olan sovet qoşunları qadın, uşaq və yaşlılara fərq qoymadan günahsız insanlara atəş açıb. Rəsmi məlumatlara görə, bu faciə nəticəsində 150-dən çox azərbaycanlı şəhid olub, yüzlərlə insan yaralanıb, onlarla şəxs itkin düşüb.
Bu qanlı hadisə xalqımızın azadlıq iradəsini qırmaq məqsədi daşısa da, əksinə, milli birlik və həmrəyliyi daha da möhkəmləndirib. 20 Yanvar faciəsi sovet imperiyasının mahiyyətini bütün dünyaya nümayiş etdirərək, Azərbaycanın müstəqillik yolunda dönüş nöqtəsinə çevrilib.
Ulu Öndər Heydər Əliyev 1990-cı il yanvarın 21-də Moskvada verdiyi bəyanatla bu qanlı cinayəti kəskin şəkildə pisləyib. 1994-cü ildə isə Azərbaycan Respublikasının Milli Məclisi 20 Yanvar faciəsinə siyasi-hüquqi qiymət verib.
Hər il yanvarın 20-də Azərbaycan xalqı Şəhidlər xiyabanını ziyarət edir, Vətən uğrunda canından keçmiş qəhrəmanların əziz xatirəsini dərin ehtiramla yad edir.
Realmedia.info xəbər saytı adından 20 Yanvar şəhidləri başda olmaqla, Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canını fəda etmiş bütün şəhidlərimizə Allahdan rəhmət, ailələrinə səbr diləyirik. Şəhidlərimizin xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaq.