
Naxçıvan Muxtar Respublikasında ot tayasına ildırım düşməsi nəticəsində yanğın hadisəsi qeydə alınıb.
Realmedia.info xəbər verir ki, hadisə Babək rayonunun Nəzərabad kəndində baş verib. İldırım fərdi yaşayış evinin həyətində yerləşən ot tayasına düşərək yanğına səbəb olub.
Məlumat daxil olduqdan dərhal sonra əraziyə Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə hissəsinin əməkdaşları cəlb olunublar.
Operativ müdaxilə nəticəsində yanğın qısa müddətdə söndürülüb və alovun ətraf ərazilərə yayılmasının qarşısı alınıb.
Hadisə ilə əlaqədar təhlükəsizlik tədbirləri çərçivəsində elektrik və rabitə xidmətlərində qısamüddətli fasilə yaranıb. Hazırda həmin xidmətlərin fəaliyyəti tam bərpa olunub.
Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.