
Azərbaycan işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və yenidənqurma işlərini davam etdirir. Hazırda Qarabağ və Şərqi Zəngəzurda on minlərlə insan yaşayır, çalışır və təhsil alır.
Realmedia.info xəbər verir ki, bu barədə Prezident İlham Əliyev İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimində çıxışı zamanı məlumat verib.
Dövlət başçısı bildirib ki, ərazilər azad edildikdən dərhal sonra genişmiqyaslı bərpa və yenidənqurma proqramına start verilib.
"Bu gün artıq Qarabağda və Şərqi Zəngəzurda təxminən 90 min insan yaşayır, çalışır və təhsil alır. Müxtəlif infrastruktur və yaşayış layihələrinin həyata keçirilməsi üçün dövlət büdcəsindən 15 milyard ABŞ dollarından artıq vəsait ayrılıb. Bütün maliyyə mənbələri nəzərə alındıqda isə azad edilmiş ərazilərə yönəldilən ümumi investisiyaların həcmi 17 milyard ABŞ dollarına yaxındır", - deyə Prezident vurğulayıb.
İlham Əliyev qeyd edib ki, hazırda bölgədə su anbarları, su kanalları, elektrik stansiyaları, beynəlxalq hava limanları, tunellər və körpülər də daxil olmaqla irimiqyaslı infrastruktur layihələri həyata keçirilir.
Prezident, həmçinin azad edilmiş ərazilərin yenidən qurulması istiqamətində göstərdiyi dəstəyə görə İslam İnkişaf Bankı Qrupuna təşəkkür edib.
Dövlət başçısının sözlərinə görə, Qarabağ və Şərqi Zəngəzurun bərpası hökumətin əsas prioritetlərindən biri olaraq qalır və bu istiqamətdə işlər ardıcıl şəkildə davam etdirilir.