
Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov iyunun 16-da V Daşkənd Beynəlxalq İnvestisiya Forumunda iştirak etmək məqsədilə Özbəkistan Respublikasına işgüzar səfərə gedib.
Bu barədə Azərbaycan Respublikası Nazirlər Kabineti məlumat yayıb.
Məlumata görə, Baş nazir Əli Əsədovu Daşkənd-Humo Beynəlxalq Hava Limanında Özbəkistan Respublikası baş nazirinin müavini Açilbay Ramatov və digər rəsmi şəxslər qarşılayıblar.
Qeyd edək ki, Daşkənd Beynəlxalq İnvestisiya Forumu regionun ən nüfuzlu iqtisadi platformalarından biri hesab olunur. Forum çərçivəsində müxtəlif ölkələrin hökumət nümayəndələri, investorlar və iş adamları bir araya gələrək iqtisadi əməkdaşlıq, investisiya imkanları və regional inkişaf perspektivlərini müzakirə edirlər.
Səfər zamanı Baş nazir Əli Əsədovun forumun tədbirlərində iştirakı, eləcə də bir sıra ikitərəfli görüşlər keçirməsi nəzərdə tutulur.