
Azərbaycan ABŞ ilə İran arasında Anlaşma Memorandumu üzrə əldə olunmuş razılaşmanı alqışlayıb.
Bu barədə Xarici İşlər Nazirliyinin yaydığı açıqlamada bildirilib.
Qeyd olunub ki, Azərbaycan tərəfi Pakistan İslam Respublikasının danışıqlar prosesində oynadığı mühüm vasitəçilik rolunu, eləcə də digər regional tərəfdaşların göstərdiyi töhfələri yüksək qiymətləndirir.
"Amerika Birləşmiş Ştatları ilə İran İslam Respublikası arasında Anlaşma Memorandumu üzrə əldə olunmuş razılaşmanı alqışlayırıq. Pakistan İslam Respublikasının danışıqlar prosesində mühüm vasitəçilik rolunu, eləcə də digər regional tərəfdaşların verdiyi töhfələri yüksək qiymətləndiririk", - deyə XİN-in açıqlamasında qeyd olunub.
Bildirilib ki, əldə olunan bu mühüm nailiyyət əsasında aparılacaq gələcək danışıqların regionda və beynəlxalq səviyyədə davamlı sülhün, təhlükəsizliyin və sabitliyin möhkəmlənməsinə töhfə verəcəyi gözlənilir.
Azərbaycan tərəfi münaqişələrin dialoq və diplomatik yollarla həllinin vacibliyini bir daha vurğulayaraq, sülh təşəbbüslərini dəstəklədiyini bəyan edib.