
Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonalarında yeni milli parkların yaradılması istiqamətində işlər aparılır.
Bu barədə ekologiya və təbii sərvətlər naziri Rəşad İsmayılov “Trend” İnformasiya Agentliyinə və ARB24 televiziyasına müsahibəsində məlumat verib.
Nazirin sözlərinə görə, yaxın gələcəkdə 10 min hektarlarla ərazini əhatə edəcək yeni milli parkların yaradılması gözlənilir. O bildirib ki, layihə çərçivəsində əsas diqqət təbiəti zəngin, flora və fauna baxımından müxtəlif ərazilərə yönəldilir.
Rəşad İsmayılov qeyd edib ki, 2025-ci ildə Azərbaycanda iki yeni milli park yaradılıb. Onlardan biri İlisu Milli Parkı olub ki, bu park İlisu qoruğunun bazasında formalaşdırılıb. Digəri isə Axar-Baxar Milli Parkıdır.
Nazir vurğulayıb ki, Axar-Baxar Milli Parkı əvvəl mövcud olmayan qorunan ərazilərdə yaradılıb və bu, ölkədə yeni təbiət zonalarının mühafizəsi istiqamətində atılan mühüm addımdır.
Onun sözlərinə görə, yeni milli parkların yaradılması həm təbiətin qorunması, həm də ekoturizmin inkişafı baxımından böyük əhəmiyyət daşıyır.