
Azərbaycanın energetika naziri Pərviz Şahbazov bildirib ki, Zəngəzur dəhlizi üzərindən planlaşdırılan yeni elektrik bağlantısı Xəzər regionunun enerji resurslarının Ermənistan və Naxçıvan vasitəsilə Türkiyəyə ötürülməsinə imkan yaradacaq.
Nazir bu fikirləri “2-ci İstanbul Təbii Sərvətlər Zirvəsi” çərçivəsində keçirilən “Dəyişən Qlobal Mənzərədə Enerji Təhlükəsizliyi: Bağlantılar və Əməkdaşlıq” mövzusunda nazirlər sessiyasında çıxışı zamanı səsləndirib.
Zəngəzur üzərindən nəzərdə tutulan layihənin region ölkələri arasında enerji inteqrasiyasını gücləndirəcəyi və Türkiyənin enerji habı rolunu daha da artıracağı qeyd olunub.
Layihənin həyata keçirilməsi ilə bağlı perspektivlərə toxunan nazir bildirib ki, yeni enerji bağlantıları təkcə elektrik ötürülməsi deyil, həm də regional əməkdaşlığın genişlənməsi baxımından strateji əhəmiyyət daşıyır.
Qeyd edək ki, layihə çərçivəsində Xəzər regionunun enerji resurslarının daha geniş bazarlara çıxışı və nəqliyyat-enerji əlaqələrinin inkişafı nəzərdə tutulur.