
Şirvan şəhərində tibb ictimaiyyətinə ağır itki üz verib. Tanınmış həkim Azər Əkbərli vəfat edib.
Qeyd edək ki, Azər Əkbərli uzun illər səhiyyə sahəsində peşəkar fəaliyyəti ilə seçilib. O, əmək fəaliyyətinə 2000-ci ildə Hacıqabul Rayon Mərkəzi Xəstəxanasının Poliklinika şöbəsində sahə həkimi-terapevt kimi başlayıb və 2007-ci ilə qədər burada çalışıb.
2008-ci ildən etibarən Şirvan Şəhər Mərkəzi Xəstəxanasında fəaliyyətini davam etdirən həkim, Reanimasiya və intensiv terapiya şöbəsində anestezioloq-reanimatoloq kimi çalışıb. 2010-cu ildən isə həmin tibb müəssisəsində bu vəzifədə davamlı olaraq fəaliyyət göstərib.
Azər Əkbərli 2021-ci ildən etibarən Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsində xidmətini davam etdirirdi.
Onun səhiyyə sahəsində göstərdiyi xidmətlər dövlət tərəfindən də yüksək qiymətləndirilib. Belə ki, 2023-cü ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif olunub.