
Rusiya istintaq orqanları tanınmış şahmatçı Harri Kasparovu beynəlxalq axtarışa verib.
“Realmedia.info” xəbər verir ki, bu barədə TASS agentliyi Kasparovla bağlı cinayət işinin materiallarına istinadən məlumat yayıb.
Məlumata görə, Harri Kasparov terrorçuluğa bəraət qazandırmaqda və “xarici agent” fəaliyyəti ilə bağlı qaydaları iki dəfə pozmaqda ittiham olunur. Bununla əlaqədar onun barəsində qiyabi həbs qərarı çıxarılıb.
Bildirilib ki, Moskva məhkəməsi 2025-ci il dekabrın 22-də Kasparov haqqında həbs qətimkan tədbiri seçib. Qərara əsasən, şahmatçı Rusiyaya ekstradisiya və ya deportasiya ediləcəyi halda, yaxud ölkə ərazisində saxlanıldığı andan etibarən iki ay müddətinə həbs olunacaq.
Qeyd edək ki, dünya şöhrətli şahmatçı Harri Kasparov 1963-cü ildə Bakıda anadan olub və uzun illər dünya şahmatının ən güclü simalarından biri kimi tanınıb.