
ABŞ Müdafiə Nazirliyi (Pentaqon) SpaceX şirkətinə məxsus Starlink peyk şəbəkəsindən ciddi asılılıq problemi ilə üzləşib.
Realmedia.info xəbər verir ki, bu barədə Reuters agentliyi məlumat yayıb.
Məlumata görə, risklər hərbi sınaqlar zamanı baş verən insidentlərlə üzə çıxıb. 2025-ci ilin avqustunda “Starlink” sistemində qeydə alınan qlobal nasazlıq ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus onlarla pilotsuz suüstü aparatın idarəetməsini itirməsinə səbəb olub. Nəticədə aparatların Kaliforniya sahillərində nəzarətsiz hərəkət etdiyi və əməliyyatların təxminən bir saatlıq dayandırıldığı bildirilir.
Hesabatda qeyd olunur ki, bu hadisə eyni anda çoxsaylı texnikanın istifadəsi zamanı sistemin texniki məhdudiyyətlərini üzə çıxarıb. Buna baxmayaraq, aşağı xərclər və geniş əhatə dairəsi “Starlink”i hərbi sahə üçün hələ də cəlbedici edir.
Ekspertlər isə xəbərdarlıq edirlər ki, SpaceX-in rolunun artması ordunun tək bir təchizatçıdan asılı qalması riskini yarada bilər.