
Azərbaycan Tibb Universitetinin rektoru Gəray Gəraybəyli uşaqlar arasında internet və kompüter oyunlarından həddindən artıq istifadənin yaratdığı risklərlə bağlı narahatlığını ifadə edib.
Milli Məclisin İnsan hüquqları, Ailə, qadın və uşaq məsələləri, eləcə də Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında çıxış edən rektor bildirib ki, uzun müddət internetdən istifadə edən uşaqlarda bu imkanların məhdudlaşdırılması ciddi psixoloji reaksiyalar yarada bilər.
Onun sözlərinə görə, aylarla və illərlə internetə alışmış uşağın birdən-birə bu mühitdən uzaqlaşdırılması aqressiya, təşviş pozuntuları və digər psixoloji problemlərə səbəb ola bilər.
Gəray Gəraybəyli son illərdə uşaqlar arasında baş verən bəzi intihar hadisələrinə də toxunaraq qeyd edib ki, valideynlər çox zaman övladlarının psixoloji durumundakı dəyişiklikləri vaxtında hiss etmirlər.
Rektor kompüter oyunlarının və virtual mühitin uşaqların psixologiyasına mənfi təsir göstərə biləcəyini vurğulayaraq, bir vaxtlar geniş müzakirə olunan "Göy balina" oyununun bir sıra faciəli hadisələrlə əlaqələndirildiyini xatırladıb.
O əlavə edib ki, hər hansı qadağa tətbiq edilərkən uşaqlar üçün alternativ fəaliyyət imkanlarının yaradılması da vacibdir:
"Qadağalar müəyyən reaksiyalar doğura bilər. Buna görə də uşaqların boş vaxtlarını necə dəyərləndirəcəkləri, hansı faydalı fəaliyyətlərə yönləndiriləcəkləri barədə düşünmək lazımdır", – deyə Gəray Gəraybəyli bildirib.