
rbaycan Dəmir Yolları (ADY) Bakı-Tbilisi qatarı ilə səfər edəcək sərnişinlərə vacib xəbərdarlıq edib.
Realmedia.info xəbər verir ki, qurumun yaydığı məlumata əsasən, sərnişinlər minik zamanı biletlə yanaşı bir sıra sənədləri də təqdim etməlidirlər.
Bildirilib ki, sərnişinlərdən pasportun əsli tələb olunur və “Mygov” platformasından əldə edilən rəqəmsal versiya keçərli hesab edilmir.
Həmçinin Gürcüstan tərəfinin tələblərinə uyğun səyahət sığortasının olması vacibdir.
Məlumata görə, 5 yaşadək uşaqlarla səfər edən şəxslər uşağın adına rəsmiləşdirilmiş pulsuz bileti təqdim etməlidirlər. Bir valideynlə səyahət edən uşaqlar üçün digər valideynin, valideynsiz başqa bir böyüklə səfər edən uşaqlar üçün isə hər iki valideynin notarial qaydada təsdiqlənmiş etibarnaməsi tələb olunur.
ADY sərnişinlərə qatara rahat və sürətli keçid üçün qeyd olunan sənədləri əvvəlcədən hazırlamağı tövsiyə edib.
Qeyd edək ki, bu gün saat 23:10-da Bakı-Tbilisi qatarı ilk səfərinə çıxacaq.