
Milli Onkologiya Mərkəzi xəstəxanada baş verən silahlı insident nəticəsində həkimin həlak olması ilə bağlı başsağlığı yayıb.
Realmedia.info xəbər verir ki, yayılan məlumatda Mərkəzin əməkdaşı, şüa terapiyası sahəsində çalışan Asif Nəsirlinin 2026-cı il mayın 5-də aldığı xəsarətlərdən vəfat etdiyi bildirilib.
Məlumata görə, Asif Nəsirli 2008-ci ildən Milli Onkologiya Mərkəzinin şüa terapiyası şöbəsində fəaliyyət göstərib və həm uşaqlarda, həm də böyüklərdə bədxassəli şişlərin müalicəsi ilə məşğul olub.
Onun uzun illər ərzində peşəkar fəaliyyəti, xüsusilə uşaq onkologiyası sahəsində göstərdiyi xidmətlər yüksək qiymətləndirilib. Bildirilib ki, o, xəstələrə, xüsusilə azyaşlı pasiyentlərə həssas və qayğıkeş münasibəti ilə seçilib.
Milli Onkologiya Mərkəzinin baş direktoru Cəmil Əliyev mərhumun ailəsinə başsağlığı verərək onlara səbir diləyib.
Qeyd edək ki, hadisə ilə bağlı müvafiq araşdırmalar davam etdirilir.