
Xaçmaz rayonunun İstisu qəsəbəsindən keçən yolda çuxura düşən avtomobil ciddi zərər görüb.
Realmedia.info xəbər verir ki, hadisə dünən axşam saatlarında baş verib. Dərinliyi təxminən iki metr olan çuxura düşən minik avtomobilini çıxarmaq üçün əraziyə texnika cəlb edilib.
Məsələ ilə bağlı Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat katibi Anar Nəcəfli açıqlama verib. Bildirilib ki, sözügedən yol aprelin 6-dan etibarən bağlıdır və yaxın vaxtlarda bərpa işlərinə başlanılması planlaşdırılır.
Onun sözlərinə görə, ölkə başçısının sərəncamına əsasən, sel və daşqınlardan zərər çəkmiş 25 yol, yol ötürücüsü və digər infrastruktur obyektlərində bərpa işləri həyata keçirilir və artıq bəzi ərazilərdə işlərə start verilib.
Qeyd edilib ki, Xaçmaz rayonunda qeyd olunan yol üzrə də təmir-bərpa işlərinə yaxın günlərdə başlanacaq.