
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 28-də Xocalı rayonu ərazisində əsaslı təmir edilən və Müdafiə Nazirliyinin hərbi qulluqçuları üçün nəzərdə tutulan fərdi evlərdə yaradılmış şəraitlə tanış olub.
Dövlət başçısına görülən işlər barədə məlumat verilib. Bildirilib ki, ərazidə ümumilikdə 191 fərdi ev mövcuddur. Bunlardan 1-i ikiotaqlı, 70-i üçotaqlı, 93-ü dördotaqlı, 8-i beşotaqlı, 1-i səkkizotaqlı olmaqla müxtəlif tipli yaşayış evləridir. Bundan əlavə, ərazidə ikimərtəbəli, yeddiotaqlı 18 ev də yerləşir.
Qeyd olunub ki, evlərdə sakinlərin rahat yaşayışı üçün bütün zəruri şərait yaradılıb. Yaşayış sahələri elektrik enerjisi və qazla təmin olunub, kommunikasiya xətləri yenilənib, məhəllədaxili yollar yenidən qurulub.
Ərazidə istirahət parkı və Bayraq meydanı da salınıb.
Məlumata görə, hərbi qulluqçuların mənzil-məişət şəraitinin yaxşılaşdırılması dövlətin sosial siyasətinin əsas istiqamətlərindən biridir. Bu çərçivədə indiyədək minlərlə hərbçinin dövlət hesabına mənzillə təmin olunması istiqamətində müxtəlif layihələr həyata keçirilib.







