
Ermənistanın baş naziri Nikol Paşinyan Qarabağ məsələsi ilə bağlı növbəti dəfə diqqətçəkən açıqlamalar verib.
Realmedia.info xəbər verir ki, Paşinyan Sünik vilayətinin Kornidzor kəndində sakinlərlə görüşü zamanı Qarabağ mövzusuna toxunaraq erməni cəmiyyətində uzun illər formalaşdırılan iddiaları sərt şəkildə tənqid edib.
Baş nazir ermənilərin “Qarabağda torpaq itirilməsi” barədə səsləndirdikləri fikirlərə münasibət bildirərək belə deyib:
“Bu torpaq necə bizim ola bilərdi? İzah edin, necə bizim idi?”
Paşinyan qeyd edib ki, illərlə həmin ərazilərin müəyyən şəxslərin nəzarətində olmasına baxmayaraq, orada normal yaşayış sistemi və dövlət infrastrukturu yaradılmayıb. Onun sözlərinə görə, Qarabağda real məskunlaşma və inkişaf siyasəti həyata keçirilməyib.
“Mən ölən insanları təhqir etmək istəmirəm. Tutaq ki, həmin ərazilər bir neçə generalın nəzarətində olub. Bəs orada nə etmişik? Buğda əkmişik? Fabrik tikmişik? Uşaq bağçası açmışıq? Orada yaşayışımız var idimi? Ora bizim deyildi”, - deyə Ermənistan baş naziri bildirib.
Paşinyanın bu fikirləri Ermənistan cəmiyyətində və siyasi dairələrdə yeni müzakirələrə səbəb olub. Onun açıqlaması bir çox ekspertlər tərəfindən Qarabağ məsələsi ilə bağlı indiyədək səsləndirilən ən açıq etiraflardan biri kimi qiymətləndirilir.