
Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının (PA) xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev 4 Aprel – Beynəlxalq Mina Maarifləndirmə Günü ilə bağlı paylaşım edib.
Realmedia.info xəbər verir ki, Hacıyev "X" sosial media hesabında bildirib ki, 30 illik işğal dövründə Ermənistan tərəfindən Azərbaycan ərazilərinin təxminən 12 faizi 1.5 milyondan çox mina ilə çirkləndirilib.
O qeyd edib ki, 2020-ci ildən sonra sülh dövründə 400-dən çox mülki şəxs həlak olub və ya ağır yaralanıb. Mina çirklənməsi Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur bölgələrində yenidənqurma və bərpa işlərinə, həmçinin keçmiş məcburi köçkünlərin təhlükəsiz və ləyaqətli şəkildə qayıtmasına ciddi maneələr yaradır.
Hacıyev vurğulayıb:
"Bunlar sadəcə rəqəmlər deyil. Bu rəqəmlərin arxasında yarımçıq qalmış həyatlar, dağılmış ailələr və oğurlanmış gələcək dayanır. Ərazilərin minalardan təmizlənməsi sadəcə texniki bir proses deyil. Bu, ədalətin bərpasıdır. Bu, insan ləyaqətinin qorunmasıdır. Bu, insanların öz evlərinə təhlükəsiz şəkildə qayıtmaq kimi fundamental hüququnun təmin edilməsidir."