
Realmedia Milli.Az-a istinadən xəbər verir ki, Yaponiya Qabaqcıl Elm və Texnologiya İnstitutunun tədqiqatçıları ağac qurbağasının bağırsağında yaşayan bakteriyanın şişləri məhv edə bildiyini müəyyən ediblər.
Araşdırmaya görə, sürünənlər və amfibiyalar xərçəng xəstəliyinə nadir hallarda yoluxur. Bu xüsusiyyəti nəzərə alan alimlər qurbağa, salamandr və kərtənkələlərdən götürülmüş bağırsaq bakteriyalarını siçanlara köçürərək xərçəngə qarşı təsirlərini yoxlayıblar.
Science Alert-in məlumatına görə, tədqiqat zamanı 45 fərqli bakteriya növü sınanıb. Onlardan doqquzu şişlərin azalmasına ciddi təsir göstərib. Ən güclü nəticə ağac qurbağasından əldə edilən Ewingella americana bakteriyasında müşahidə olunub.
Tədqiqat nəticəsində məlum olub ki, tək bir doza Ewingella americana siçanlarda şişləri həm kiçildib, həm də tamamilə aradan qaldırıb. Daha maraqlısı odur ki, 30 gün sonra siçanlara yenidən xərçəng hüceyrələri verilməsinə baxmayaraq, növbəti ay ərzində heç bir şiş əmələ gəlməyib.
Gut Microbes jurnalında dərc olunan araşdırmada göstərilib ki, bakteriya xərçəngə iki fərqli mexanizm vasitəsilə təsir göstərir və mövcud müalicə üsullarından, o cümlədən Doxorubicin adlı kemoterapi dərmanından daha effektiv nəticə verib.
Mütəxəssislər vurğulayırlar ki, bu bakteriyanın insanlar üzərində istifadəsi üçün əlavə araşdırmalar lazımdır, çünki infeksiya riski mövcuddur.
Qeyd olunur ki, bakterial terapiya hazırda bəzi sidik kisəsi xərçəngi növlərinin müalicəsində istifadə olunur. Alimlər gələcəkdə bu qurbağa bakteriyasını digər xərçəng növlərində də mövcud müalicələrlə birlikdə sınaqdan keçirməyi planlaşdırırlar.