
Polşanın Bielsko-Biala şəhərində yeniyetmələr arasında cüdo üzrə keçirilən Avropa Kuboku başa çatıb. Yarışda Azərbaycan milli komandası yüksək nəticə göstərərək ümumi komanda hesabında birinci yeri tutub.
Turnirin son yarış günündə də cüdoçularımız uğurlu çıxış edərək medal sayını artırıblar. Milli komandanın aktivinə daha 2 gümüş və 3 bürünc medal əlavə olunub.
Belə ki, Sadiq Məmmədov (-73 kq) və Ayxan Həsənli (-81 kq) finala qədər irəliləyərək gümüş medal qazanıblar. Yusuf Nəzər (-73 kq), Yaqub Məmmədov (-81 kq) və Nurəddin Əliyev (-90 kq) isə turniri bürünc medalla başa vurublar.
Qeyd edək ki, yarışın ilk günündə də Azərbaycan cüdoçuları uğurlu nəticələr əldə etmişdilər. İbrahim Talıbov (-55 kq) və Könül Eyvazlı (-48 kq) qızıl medal, İlkin Qarayev (-66 kq) və Zəhra Quliyeva (-40 kq) gümüş medal, Nihad Ağayev (-50 kq), Rza Xəlilli (-55 kq), Mehman Əsgərov (-60 kq) və Pərvin Sevxanlı (-44 kq) isə bürünc medal qazanıblar.
Ümumilikdə Azərbaycan yığması turniri 2 qızıl, 4 gümüş və 7 bürünc medalla tamamlayaraq Avropa Kubokunun qalibi olub.