
Sumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbəsində fəaliyyət göstərən Hacı Bəyverdi məscidinin sabiq axundu Taleh Sadıqov inzibati məsuliyyətə cəlb edilib.
Realmedia.info xəbər verir ki, 1977-ci il təvəllüdlü Taleh Sadıqov barəsində İnzibati Xətalar Məcəlləsinin 515.0.2-ci maddəsi (dini yığıncaqların, yürüşlərin və digər dini mərasimlərin təşkili və keçirilməsinin qanunla müəyyən edilmiş qaydalarının pozulması) ilə protokol tərtib olunub.
Məlumata görə, inzibati tədbir onun oğlu Yavər Sadıqovun şikayəti əsasında görülüb. Y.Sadıqov məhkəmədə ifadəsində əvvəllər namaz qıldığını, lakin sonradan bunu dayandırdıqdan sonra atası ilə münasibətlərinin gərginləşdiyini bildirib.
O qeyd edib ki, Rusiyada işlədikdən sonra yaşadığı ünvana qayıdıb və atasının dostları ilə birlikdə evlərinin həyətində təxminən 15 nəfərin iştirakı ilə dini söhbətlər və görüşlər təşkil etdiyini görüb. Bu vəziyyətdən narazı qaldığını bildirən Y.Sadıqov polisə müraciət etdiyini deyib.
Taleh Sadıqov isə oğlu ilə aralarında ailə-məişət zəmnində mübahisə yarandığını təsdiqləyib. Onun sözlərinə görə, məhz həmin mübahisədən sonra oğlu Daxili İşlər Nazirliyinin “102” xidmətinə zəng edərək evdə dini tədbir keçirildiyini bildirib.
Sabiq axund məhkəmədə dinşünaslıq ixtisası üzrə təhsil aldığını, mayın 3-də və 11-də evində ziyalı dostlarını qəbul etdiyini və onların dini mövzulardakı suallarını cavablandırdığını deyib. O bildirib ki, keçirilən görüşlər dini ayin deyil, elmi-müzakirə xarakteri daşıyıb.
Məhkəmənin qərarı ilə Taleh Sadıqov İnzibati Xətalar Məcəlləsinin 515.0.2-ci maddəsi ilə təqsirli bilinib və 1 500 manat məbləğində cərimə olunub.