
ABŞ Prezidenti Donald Tramp Konqresdə Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsini nəzərdə tutan qanun layihəsinin qəbulunu dəstəkləyib.
Realmedia xəbər verir ki, bu barədə ABŞ senatoru Lindsi Qrem (Cənubi Karolina ştatından respublikaçı) sosial şəbəkə hesabında paylaşım edib.
Onun sözlərinə görə, Prezident Trampla keçirilən məhsuldar görüşdən sonra Tramp senator Riçard Blumental (Konnektikut ştatından demokrat) və digər qanunvericilərlə birgə hazırlanmış ikipartiyalı sanksiyalar layihəsinə “yaşıl işıq” yandırıb.
L.Qrem bildirib ki, Ukrayna sülh naminə güzəştlərə gedir, Rusiya Prezidenti Vladimir Putin isə dinc əhaliyə qarşı hücumları davam etdirir.
Senatorun qeyd etdiyinə görə, qanun layihəsi Prezident Trampa ucuz Rusiya nefti alan ölkələrə qarşı sanksiyalar tətbiq etmək imkanı yaradacaq və Çin, Hindistan, Braziliya kimi dövlətlər üzərində ciddi təsir mexanizmi formalaşdıracaq.
Qrem əlavə edib ki, sənəd üzrə Konqresdə ikipartiyalı səsvermənin gələn həftənin əvvəlində keçirilməsi planlaşdırılır.