
Erməni Apostol Kilsəsi ilə bağlı proseslərin yeni mərhələyə qədəm qoyduğu bildirilir. Yaxın vaxtlarda kilsə daxilində mühüm dəyişikliklərin baş verəcəyi gözlənilir.
Realmedia xəbər verir ki, bu barədə Estoniyadakı erməni yeparxiyasının rəhbəri, arxiyepiskop Vazgen Mirzaxanyan açıqlama verib. O, bütün ermənilərin katolikosu II Qareginin tezliklə vəzifəsindən uzaqlaşdırılacağını iddia edib.
Arxiyepiskopun sözlərinə görə, Ermənistanın Baş naziri Nikol Paşinyan kilsə islahatlarını dəstəkləyir. Mirzaxanyan özü də hökumətin bu istiqamətdə atdığı addımlara müsbət yanaşdığını bildirib.
“Kilsə köhnə və sovet dövründən qalma idarəetmə üsulları ilə fəaliyyət göstərə bilməz. Kilsə ilə dövlət arasında sağlam əməkdaşlıq qurulmalıdır. Kilsəyə dua etmək, moizə oxumaq üçün gələn bir lideri xatırlamıram”, – deyə o qeyd edib.
Arxiyepiskop əlavə edib ki, II Qareginin taxtdan uzaqlaşdırılması prosesi uğurla nəticələnəcək və bunun Tanrının iradəsinə uyğun olacağına əminliyini ifadə edib.