
Bir neçə gün əvvəl yol-nəqliyyat hadisəsində həyatını itirən Məryəm Əliyeva Gəncədə son mənzilə yola salınıb.
Realmedia.info xəbər verir ki, mərhumun vəfatından sonra ailəsinin verdiyi qərar nəticəsində onun orqanları bağışlanıb və altı nəfər yaşamaq şansı qazanıb.
Məryəm Əliyevanın qohumu Nicat Əliyev bildirib ki, qəza Bakının Babək prospektində baş verib. Avtomobildə sərnişin qismində olan Məryəm Əliyeva ağır beyin travması alıb və xəstəxanada beyin ölümü qeydə alınıb.
Onun sözlərinə görə, orqan donorluğu ilə bağlı qərar valideynlər tərəfindən qəbul edilib:
"Bu, çox ağır və çətin qərar idi. Belə acılı gündə bunu etmək heç də asan deyil. Ailə düşündü ki, bu addımla bir neçə insan həyata qayıda bilər. Elə də oldu. Altı nəfərin həyatı xilas edildi", - deyə o qeyd edib.
Qeyd edək ki, Məryəm Əliyeva bloqer Nərmin Əliyevanın bacısı olub. Bloqer də paylaşımında bacısının orqanlarının bağışlanması nəticəsində altı nəfərə yeni həyat verildiyini bildirib.
Mərhumun ailəsinin bu humanist addımı cəmiyyətdə böyük rəğbətlə qarşılanıb.