
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Sosial Xidmətlər Agentliyində struktur dəyişikliyi həyata keçirilib.
Realmedia.info xəbər verir ki, bununla bağlı agentliyin İdarə Heyətinin sədri Vüqar Behbudov müvafiq əmr imzalayıb.
Dəyişikliyə əsasən, qurumun Bakı filialı ləğv edilib. Onun əvəzində iki yeni struktur bölmə – Sosial ehtiyacların qiymətləndirilməsi üzrə Mərkəzi Filial və İxtisaslaşdırılmış sosial xidmətlər üzrə Mərkəzi Filial yaradılıb.
Yeni təyinatlara uyğun olaraq, Raqif Zamanov Sosial ehtiyacların qiymətləndirilməsi üzrə Mərkəzi Filialın müdiri vəzifəsinə təyin olunub. O, bundan əvvəl Bakı filialına rəhbərlik edib.
Həmçinin, IV “Yüksəliş” müsabiqəsinin qalibi Nicat Qocayev İxtisaslaşdırılmış sosial xidmətlər üzrə Mərkəzi Filialın müdir müavini vəzifəsinə gətirilib.
Qeyd edək ki, Sosial Xidmətlər Agentliyi ölkə üzrə 14 filial və 21 müəssisə ilə fəaliyyət göstərir, vətəndaşlara səyyar, stasionar və yarımstasionar sosial xidmətlər təqdim edir.