
Xocalı sakini, el ağbirçəyi Narxanım Məmmədova məlum soyqırım zamanı ömür-gün yoldaşını və 2 oğlunu itirib. Erməni terrorçuları təkcə bu ailənin deyil, Xocalıdan olan digər ailələrin də başına min bir müsibət açıblar.
Narxanım xala hazırda oğlu Mürvət və onun ailə üzvləri ilə birgə düşmən tapdağından azad edilmiş Xocalıda yaşayır. Mürvət bəy burda işlə təmin olunub.
Mayın 4-də Azərbaycan Respublikasının Fövqəladə Hallar Naziri, General- polkovnik Kamaləddin Heydərov Xankəndi şəhərində, Xankəndi şəhər, Ağdam və Ağdərə rayonlarının sakinləri ilə görüşüb. Sakinlər qarşılaşdıqları problemlər haqqında Nazir K.Heydərova məlumat veriblər.Xocalı sakini, şəhid Məmməd Məmmədovun ömür - gün yoldaşı Narxanım ana və oğlu Mürvət bəy də bu görüşdə iştirak edib. "Xocalı Soyqırımını Tanıtma" ictimai birliyinin İdarə Heyətinin üzvü Mürvət Məmmədovun bildirdiyinə görə,
Fövqəladə Hallar Naziri Kamaləddin Heydərov Məmmədovlar ailəsinin vəziyyəti ilə maraqlanıb, onlara zəruri yardım göstərilməsi üçün tapşırıq verib. Mürvət müəllim qəbulda iştirak edən şəxslərin adından və anası Narxanım Məmmədovanın adından Azərbaycan Respublikasının Fövqəladə Hallar Naziri cənab Kamaləddin Heydərova təşəkkür etdi.
Biz də mayın 4-də Xankəndi şəhərində qəbulda olan şəxslərin adından cənab Kamaləddin Heydərova təşəkkür edirik.
Allah - Təala Sizin kimi xeyirxah insanları qorusun. Amin.
Şamil Sabiroğlu,
"Xocalı Soyqırımını Tanıtma" ictimai birliyinin sədri.
Bakı, 04.05.2026.