
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov rayonda fəaliyyət göstərən bank filiallarından birinin yeni təyin olunan müdirini qəbul edib.
Realmedia.info xəbər verir ki, bu barədə icra hakimiyyətinin sosial şəbəkə hesabında məlumat paylaşılıb. Görüş zamanı M. Məmmədov yeni təyin olunan müdirə fəaliyyətində uğurlar arzulayıb, həmçinin rayonda maliyyə savadlılığının artırılması, sahibkarlığın dəstəklənməsi və yeni layihələrin icrası kimi məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Məsələ sosial şəbəkələrdə də müzakirə olunub və bəzi istifadəçilər görüşün ictimai əhəmiyyətini sual altına alaraq tənqid ediblər.
İcra başçısı isə “Unikal”a açıqlamasında görüşün səbəbini izah edib. Onun sözlərinə görə, vətəndaşlar kəndlərdə bankomatların quraşdırılması ilə bağlı müraciətlər ediblər:
“Uzaq kəndlərdə yaşayan vətəndaşlar bankomatların quraşdırılmasını istəyirlər. Biz də bu məsələni bank rəhbərliyi ilə müzakirə etdik ki, vətəndaşların xahişi nəzərə alınsın. Bank tərəfi də məsələyə baxılacağını bildirib”, – deyə M. Məmmədov qeyd edib.