
Bu gün Azərbaycan Ordusunun general-leytenantı Mais Bərxudarov-un doğum günüdür.
Realmedia.info xəbər verir ki, Mais Bərxudarov 1976-cı il aprelin 20-də Qubadlı rayonunda anadan olub.
Uşaqlıq illərində güləşlə məşğul olan zabit Azərbaycanın Milli Qəhrəmanı, güləşçi Əliyar Əliyev-in tələbəsi olub. 1993-cü ildə Qubadlının işğalından sonra Cəmşid Naxçıvanski adına hərbi liseyə daxil olub.
1998-ci ildə baş-leytenant rütbəsində olarkən Azərbaycan Bayrağı ordeni ilə təltif edilib. Həmin orden ona ümummilli lider Heydər Əliyev tərəfindən təqdim olunub.
2012-ci ildə polkovnik rütbəsində olarkən Vətən uğrunda medalı ilə mükafatlandırılıb.
2016-cı ilin aprel döyüşləri zamanı korpus komandiri kimi Lələtəpə yüksəkliyinin azad olunması əməliyyatlarında birbaşa iştirak edib və ön xəttdə döyüşüb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən göstərdiyi xidmətlərə görə Mais Bərxudarov general-leytenant rütbəsi ilə təltif edilib.
O, 44 günlük Vətən müharibəsində də iştirak edib və Qarabağ ordeni, eləcə də bir sıra döyüş medalları ilə təltif olunub.