
İyunun 15-də ABŞ-nin Nyu-York şəhərində Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Pakta tərəf dövlətlərin 42-ci iclası çərçivəsində Azərbaycanın namizədi BMT-nin İnsan Hüquqları Komitəsinin (ICCPR) 2027–2030-cu illər üzrə üzvlüyünə seçilib.
Realmedia.info xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, ciddi beynəlxalq rəqabət şəraitində keçirilən seçkilərdə Azərbaycan da daxil olmaqla 16 ölkənin namizədləri komitədə mövcud olan doqquz vakant yer uğrunda mübarizə aparıblar.
Azərbaycan tərəfindən namizədliyi irəli sürülmüş Cenevrə Beynəlxalq Münasibətlər İnstitutunun beynəlxalq hüquq professoru Fuad Zərbiyev səsvermənin ilk mərhələsində ən yüksək nəticə göstərərək 131 iştirakçı dövlətin dəstəyini qazanıb və komitənin üzvü seçilib.
Qeyd edək ki, BMT-nin İnsan Hüquqları Komitəsi 1966-cı ildə qəbul edilmiş Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Paktın icrasına nəzarət edən əsas beynəlxalq qurumlardan biridir. Komitə 18 müstəqil ekspertdən ibarətdir və Pakta tərəf dövlətlərin üzərlərinə götürdükləri öhdəliklərin yerinə yetirilməsini qiymətləndirir.
Ekspertlərdən ibarət olan bu qurum beynəlxalq insan hüquqlarının qorunması, təşviqi və inkişaf etdirilməsi istiqamətində mühüm rol oynayır. Azərbaycanın nümayəndəsinin komitəyə seçilməsi ölkənin beynəlxalq hüquq və insan hüquqları sahəsində artan nüfuzunun göstəricisi kimi qiymətləndirilir.
Realmedia.info